Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin hüquqi varisidir.
1906-cı il ildə Bakı şəhərində Qida Məhsulları İstehsalçılarının 230 həmkarlar ittifaqı üzvünü birləşdirən həmkarlar ittifaqı təşkilatı yaradılıb.
1917-ci ildə isə Bakı şəhərində Dəyirmançıların, Tütünçülərin, Pivə və kvas İstehsalçılarının, Çörəkçilərin və Şirniçilərin həmkarlar ittifaqı təşkilatları fəaliyyət göstərirdi.
1920-ci il iyunun 5-də Qida Məhsulları İstehsalçılarının, Dəyirmançıların, Tütünçülərin, Pivə və kvas İstehsalçılarının; Çörəkçilərin və Şirniçilərin həmkarlar ittifaqı təşkilatları birləşərək - Qida Sənayesi İşçiləri; - Tütünçülər; - Kənd və Meşə Təsərrüfatı İşçiləri Sahə Həmkarlar İttifaqları yaradıblar.
1953-cü ildə respublikada kənd təsərrüfatı sahəsində mövcud olan sahə həmkarlar ittifaqları birləşərək iki sahə həmkarlar ittifaqı: Kənd Təsərrüfatı və Tədarük İşçiləri və Yeyinti Sənayesi İşçiləri Həmkarlar İttifaqlarını yaradıblar.
1986-cı ildə Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqı 1991-ci ildə Azərbaycan Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqı, 2000-ci ildən Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı adlandırılıb.
2025-ci ilin 10 mart tarixində Aqrar Sahə İşçiləri, Azərbaycan Su Təsərrüfatı İşçiləri, Azərbaycan Respublikası Təbii Sərvətlər və Ekologiya İşçiləri həmkarlar ittifaqlarının Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqına qoşulmaları təsdiqlənib və təşkilatın adı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi olaraq dəyişdirilib.
Respublika Birliyi kənd təsərrüfatı, meliorasiya və su, ekologiya, qida, tütünçülük, çayçılıq, şərabçılıq və müvafiq sahələrdə fəaliyyət göstərən dövlət və özəl təsərrüfat sahəsindəki işçiləri özündə birləşdirir.
Birlik 250-dən çox həmkarlar ittifaqı təşkilatlarını, o cümlədən 34 şəhər, rayon komitəsini əhatə edir. Birliyin 55 minədək üzvü var (10 mart 2025-ci il tarixinə olan göstəricilərə əsasən 54110 nəfər). Sahə həmkarlar ittifaqının ali orqanı beş ildə bir dəfə çağırılan qurultaydır.
Qurultaylararası dövrdə həmkarlar ittifaqının rəhbər orqanı sahə həmkarlar ittifaqının Məclisidir. Məclis cari işlərin təşkili və aparılması, onun Nizamnamə funksiyasını həyata keçirmək üçün sahə həmkarlar ittifaqının İcraiyyə Komitəsini seçir.
İttifaq Tütün Sənayesi, Kənd Təsərrüfatı və müvafiq sahə işçilərinin Beynəlxalq İttifaqının üzvüdür. Federasiya bu Beynəlxalq İttifaq ilə birgə 3 layihə həyata keçirib.
İttifaq Türkiyə, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Özbəkistanın sahə həmkarlar ittifaqları ilə sıx əlaqələr qurmağa müvəffəq olub.
Avrasiya bölgəsində fəaliyyət göstərən sahə həmkarlar ittifaqlarının işçilərin qanuni hüquqlarının qorunması, layiqli əmək, azad, demokratik sosial ədalət prinsiplərinin təmin edilməsi sahəsində üzləşdikləri oxşar problemlərin həllinə dəstək verilməsi, bölgədə yerləşən transmilli şirkətlərlə danışıqların aparılması prosesində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin təşkilini həyata keçirmək məqsədi ilə bölgənin 12 ölkəsinin: (Türkiyə, Azərbaycan, Rumıniya, Çernoqoriya, Sarayevo, Kosova, Makedoniya, Serbiya, Orta Asiya, Gürcustan Respublikaları) sahə həmkarlar ittifaqları birləşərək Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyası yaratmasının təşəbbüskarlarından biri Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqıdır.