
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun rəhbərliyi ilə Konfederasiyanın nümayəndə heyəti Ankarada keçirilən Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) Qurultayında iştirak edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri və Heydər Əliyev Parkında ucaldılan Ulu Öndərin abidəsini ziyarət edib, xatirələrini ehtiramla yad edərək önünə gül dəstələri qoyublar.
TDHİT-nin Qurultayını giriş sözü ilə açan Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov Türk dövlətləri arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində həmkarlar ittifaqlarının gördüyü işlərdən danışıb, bu sahədə TDHİT-nin fəaliyyətindən bəhs edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Qurultayda çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə, həmçinin bütün türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edən "Bir millət, iki dövlət" kəlamının münasibətlərimizin dərinləşməsi üçün yol xəritəsi olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfəri Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsində mühüm hadisədir və hazırda əlaqələrimizin dərinləşdirilməsi istiqamətində davamlı tədbirlər reallaşdırılır.
Əmək bazarının trendlərindən danışan Konfederasiya sədri rəqəmsallaşmanın və süni intellektin bu sahəyə təsirləri baxımından çətinliklərlə üzləşməmək üçün qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə birgə layihələrin həyata keçirilməsini, ortaq təlim proqramlarının hazırlanmasının əhəmiyyətini, eləcə də gələcək birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün Qurultayın əlverişli platforma olduğunu qeyd edib.
Tədbirdə həmçinin TDHİT-nin prezidenti, TÜRK-İŞ-in sədri Ərgün Atalayın, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Jumadildenin və Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalinin çıxışları dinlənilib.
Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım çıxış edərək Türk dünyasının həmrəyliyinin önəmindən danışıb, Qurultayın işinə uğurlar arzulayıb.
Qurultayda TDHİT-in Nizamnaməsinə dəyişikliklər, qarşıdakı dövrdə İcraiyyə Komitəsinin vəzifələri və digər məsələlər müzakirə olunub, təşkilati məsələlərə baxılıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov TDHİT-nin vitse-prezidenti, AHİK-in Aparat rəhbəri Həsən Cəfərov vitse-prezidentin əvəzi, AHİK sədrinin müşavirləri - Fuad Ələkbərov Baş katibin müavini, Məmməd Həsənov Təftiş Komissiyasının üzvü, Elkiyar Ziyadov Təftiş Komissiyasının əvəzedici üzvü seçilib.
Qeyd edək ki, TDHİT 2023-cü ildə yaradılıb və Azərbaycan da daxil olmaqla, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın həmkarlar ittifaqlarını birləşdirir.