
Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə əməkdaşlığı ilə BDU-nun ərazisində “Tələbə məkanı”nın açılışı olub.
Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, yeni açılan “Tələbə məkanı” Universitetdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən işlərə ən gözəl nümunələrdən biridir. Azərbaycan Konstitusiyasında hər bir şəxsin təhsil hüququ ilə yanaşı, istirahət hüququ, sosial xidmət hüququ var. “Tələbə məkanı” BDU tələbələrinin sosial həyatı üçün faydalı olacaq, onların şəbəkələşməsinə imkanlar yaradacaq.
Vurğulanıb ki, burada yalnız Bakı Dövlət Universitetinin deyil, digər ali təhsil müəssisələrinin tələbələri də layihələrini həyata keçirə biləcəklər: “Bu məkan planlaşdırılarkən müasir dövrün çağırışları, xüsusilə də dövlətimizin yaşıl texnologiyalar və ekoloji problemlərin həlli ilə bağlı siyasəti əsas götürülüb. Ərazidəki bütün işıqlandırma Günəş panelləri vasitəsilə təmin olunur. Layihənin mühüm cəhətlərindən biri də 24 saat fəaliyyət göstərəcək mini kitabxanadır. İstənilən tələbə istənilən vaxt oradakı kitabları oxuya, onlardan bəhrələnə və daha sonra geri qaytara bilər. Hətta öz kitablarını da kitabxanaya əlavə edə bilər”.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Azərbaycanda gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib, Ulu Öndərin məzunu olduğu BDU-nun Azərbaycanın elm-təhsil məkanında böyük rolundan danışıb. Konfederasiya sədri “Tələbə məkanı”nın universitet tələbələrinin sosial inkişafına xidmət edəcəyini diqqətə çatdırıb.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və BDU-nun Tələbə həmkarlar ittifaqı komitəsinin sədri Zöhrab Cavadzadə çıxışlarında “Tələbə məkanı”nın tələbələrin liderlik bacarıqlarının artmasına, universitetin inkişafına təkan verəcəyini bildiriblər.