
Azərbaycan həmkarlar ittifaqları sistemində uzunmüddətli səmərəli fəaliyyətinə görə, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Cahangir Əliyev təşəkkürnamə ilə təltif edilib.
Bununla əlaqədar keçirilən tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Cahangir Əliyevin həmkarlar ittifaqları sistemində çoxillik fəaliyyətini yüksək qiymətləndirib, neft və qaz sənayesi işçilərinin əmək hüquqlarının qorunmasında, layiqli iş şəraitinin yaradılmasında, əmək münasibətlərinin mütərəqqi üsullarla tənzimlənməsində göstərdiyi peşəkarlıqdan danışıb. Bildirilib ki, təsisatın inkişafında böyük xidmətləri olan Cahangir Əliyevin zəngin təcrübəsi gənclərə nümunədir.
Diqqət və qayğıya görə təşəkkürünü bildirən Cahangir Əliyev Konfederasiya tərəfindən görülən işləri, aparılan sistemli və məqsədyönlü islahatları, həyata keçirilən layihələri yüksək dəyərləndirib. Qeyd olunub ki, bütün bunlar ittifaq üzvlərinin mənafeyinə xidmət edir və qurumun effektiv fəaliyyətinə geniş imkanlar açır.
Sonda Konfederasiya sədri tərəfindən təşəkkürnamə Cahangir Əliyevə təqdim olunub.