“Sağlamlığa doğru qaç” layihəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən səhiyyə sahəsində çalışan ittifaq üzvlərinin asudə vaxtının səmərəli və mənalı təşkili, sağlam həyat tərzinin təşviqi və həmrəyliyin gücləndirilməsi məqsədilə həyata keçirilib.
Layihə zonalar üzrə - Hacıqabul, Ağcabədi, Lənkəran, Qusar, Şamaxı, Mingəçevir, Gəncə və Bakıda təşkil olunub. Hər zonada beş kilometrlik məsafəyə qaçış yarışı təşkil olunub. Zonalar üzrə qaliblər müəyyən edilərək mükafatlandırılıb və layihənin final mərhələsində iştirak etmək hüququ qazanıblar. Final mərhələsi Xankəndi şəhərində baş tutub. Hər zonadan qalib olmuş ümumilikdə 48 səhiyyə işçisi (həm qadın, həm kişi kateqoriyalarında) mübarizə aparıb.
Final yarışında finiş xəttini birinci keçən 3 qadın və 3 kişi iştirakçı layihənin qalibi elan olunub. Qaliblər diplom, medal, kubok və pul mükafatları ilə təltif ediliblər.
Layihədə ümumilikdə 1500-dən çox səhiyyə işçisi iştirak edib.