ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

10 Iyun 2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında TÜİB nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında TÜİB nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin (TÜİB) nümayəndələri ilə görüş olub.

Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud qardaşlıq münasibətlərindən, ölkələrimiz arasında bütün sahələri əhatə edən əməkdaşlıqdan bəhs olunub.

Konfederasiya sədri Sahib Məmmədov vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları xalqlarımızın çoxəsrlik qardaşlıq əlaqələrinə verilən ən yüksək qiymətdir. Bildirilib ki, iki ölkə arasında möhkəm təməllər üzərində qurulan münasibətlər cənab Prezident İlham Əliyevin və cənab Prezident Rəcəb Tayyib Ərdoğanın birgə səyləri ilə özünün ən yüksək inkişaf mərhələsindədir. Konfederasiya sədri bugünkü görüşün iki dövlət arasında dostluq və əməkdaşlıq ruhunun daha da gücləndirilməsi üçün əlavə imkan olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətinin səmərəli təşkili istiqamətində görülən işlər, həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, reallaşdırılan layihələr barədə məlumat verilib. Qeyd edilib ki, Konfederasiyanın həyata keçirdiyi layihələr əmək hüquqlarının effektiv müdafiəsi ilə yanaşı, əmək bazarının inkişafına və iş mühitinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfələr verir. Konfederasiyada özəl sektorla əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdıran Sahib Məmmədov 100-dən çox üzvü olan "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyi ilə əlaqələrin qurulması və inkişafında maraqlı olduqlarını deyib.

Eləcə də tədbirdə Konfederasiyanın fəaliyyətindən, həyata keçirdiyi layihələrdən bəhs edən videoçarxlar nümayiş etdirilib, e-AHİK elektron rezervasiya sistemi və yaxın vaxtlarda icrasına başlanılacaq "AHİK Plus" proqramı haqqında ətraflı məlumat verilib.

"Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin sədri Hüseyn Büyükfırat Azərbaycan-Türkiyə dostluğunu vurğulayıb, əlaqələrimizin getdikcə möhkəmləndirilməsi istiqamətində görülən işlərdən məmnun olduğunu bildirib. Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatları, tətbiq olunan yenilikləri yüksək qiymətləndirən Hüseyn Büyükfırat rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışıb, Konfederasiya ilə əlaqələrin qurulması, birgə layihələrin icrası ilə bağlı təkliflərini səsləndirib.

Görüşdə əməkdaşlığın istiqamətləri müzakirə olunub.