ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

30 Iyun 2025

Konfederasiyanın Əmək və Sosial Münasibətlər Akademiyasında korporativ təlimlərin təqdimatı keçirilib

Konfederasiyanın Əmək və Sosial Münasibətlər Akademiyasında korporativ təlimlərin təqdimatı keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv və tabe təşkilatları üçün qurumun Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) korporativ təlimlərin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Aparat rəhbəri Həsən Cəfərov korporativ təlimlərin əhəmiyyətini vurğulayaraq, bu təşəbbüsün həm həmkarlar ittifaqları əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına, həm də AHİK-in ictimai nüfuzunun gücləndirilməsinə önəmli töhfə verdiyini bildirib.

Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən dosent Yusif Ağayev isə çıxışında AƏSMA-nın fəaliyyəti, tədris sistemi və inkişaf istiqamətləri barədə danışıb. O, təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində son dövrdə görülən işlərdən və gələcək planlardan bəhs edib, həmçinin əlavə təhsil proqramları çərçivəsində yeni imkanlar və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Təlim proqramlarının əhəmiyyətinə toxunan AHİK sədrinin müşaviri Nigar Vahabzadə üzv və tabe təşkilatları bu imkanlardan fəal şəkildə yararlanmağa çağırıb. N.Vahabzadə gələcəkdə məzunların məşğulluğu və əmək bazarına inteqrasiyası məsələsinin önəmini vurğulayıb.

Sonra AƏSMA-nın Maliyyə-iqtisad fakültəsinin dekanı Lalə Mahmudova və bu təhsil ocağının nəzdində fəaliyyət göstərən İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin sədri Səadət Əliyeva akademiyanın məzunlarının uğurlarından bəhs ediblər, korporativ təlimlərin gənclərin işə cəlb edilməsi prosesində əhəmiyyətini qeyd ediblər.

Təqdimatlardan sonra iştirakçıların sualları ətraflı cavablandırılıb.

Tədbir zamanı İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin cari il üzrə korporativ təlimlər barədə ətraflı məlumatı əks etdirən təlim paketləri iştirakçılara təqdim edilib.