ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

21 Iyun 2025

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası olub

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, AHİK sədrinin birinci müavini İlyas Əliyev, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Komissiyanın hər üç qurumdan olan üzvləri iştirak ediblər. İclası giriş sözü ilə açan Vüqar Zeynalov gündəlikdə duran məsələləri diqqətə çatdıraraq Komissiyanın tərkibinin yenidən formalaşdırılması üçün irəli sürülən namizədləri təqdim edib.

İclas iştirakçılarının səsverməsi ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, AHİK sədrinin müşavirləri - Nuranə İbadova və Cəmaləddin Quliyev, AHİK-in Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi şöbəsinin müdiri Tural Süleymanov Komissiyanın üzvü seçiliblər.

İclasda “İşəgötürənlər və sahibkarlar birlikləri haqqında” Qanun layihəsinin hazırlanması məqsədilə İşçi Qrupun yaradılması, Beynəlxalq Əmək Təşkilatının (BƏT) konvensiya və protokollarının ratifikasiya imkanlarının araşdırılması və tələblərinin icrası və tətbiqi üzrə daimi İşçi Qrupun formalaşdırılması, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və kompensasiya alan şəxslərin yararlandığı “Sosial tərəfdaş” layihəsinin əhatə dairəsinin genişləndirilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə tərəfdaş şirkətlərin sayının artırılması, BƏT-in 184 nömrəli Konvensiyasının ratifikasiya imkanlarının araşdırılması üzrə İşçi Qrupun yaradılması ilə bağlı müzakirələr aparılıb.