
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ittifaq üzvlərinin əmək hüquqlarının daha etibarlı müdafiəsi üçün sistemli tədbirlər həyata keçirir, müasir dövrün reallıqlarına və çağırışlarına əsaslanaraq yeniliklər tətbiq edilir. Bu yeniliklərdən biri də vətəndaşların qəbulu prosesinin təkmilləşdirilməsidir. Belə ki, Konfederasiyanın inzibati binasında vətəndaşların qəbulu, rahat müraciət etmələri və müraciətlərə operativ baxılması üçün hər cür şərait yaradılıb. Qəbula gələnlər müəyyənləşdirilmiş qrafikə uyğun olaraq, Konfederasiyanın rəhbər şəxsləri və məsul işçiləri tərəfindən qəbul edilir, müraciətlər diqqətlə dinlənilir və müvafiq tədbirlər görülür. Qeyd edək ki, vətəndaşların qəbulu cədvəli AHİK-in saytında yerləşdirilib.
Konfederasiyada yeniliklərdən biri də Çağrı Mərkəzinin yaradılmasıdır. Mərkəz müasir texniki avadanlıqlarla təchiz olunub. Müraciətlər operatorlar tərəfindən qəbul olunur, vətəndaşlara müvafiq izahatlar verilir. Araşdırma tələb edən müraciətlər isə qeydə alınır, tədbir görülməsi üçün Konfederasiyanın aidiyyəti struktur bölmələrinə göndərilir və icrası nəzarətdə saxlanılır.
Vətəndaşlara Konfederasiyanın “ahik.org” rəsmi səhifəsindən elektron qaydada müraciət imkanı da yaradılıb.
Tətbiq olunan yeniliklər vətəndaş məmnunluğunun yüksəldilməsinə, şəffaflığın daha da artırılmasına xidmət edir.
AHİK-in Çağrı Mərkəzi: (012) 599-77-77