ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

07 May 2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Dayanıqlı, inklüziv və sosial siyasətin konseptual əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Hibrid formatda təşkil olunan konfransda ölkəmizin ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının əməkdaşları iştirak ediblər. Həmçinin Türkiyə, Böyük Britaniya, Almaniya, Polşa, Ukrayna və Özbəkistanın nüfuzlu universitetlərindən nümayəndələr konfransa onlayn qatılıblar.

Tədbir dayanıqlı inkişaf və sosial ədalət prinsiplərinə əsaslanan siyasət modellərinin, inklüziv idarəetmənin elmi əsaslarla təhlil olunması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təşkil olunub.

Əvvəlcə Dövlət Himni səsləndirilib, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AƏSMA-nın rektoru vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev konfransın mövzusunun aktuallığından danışıb, dayanıqlı inkişaf, inklüzivlik və sosial siyasətin müasir cəmiyyətlərin qarşısında duran mühüm çağırışlara cavab vermək baxımından önəmini qeyd edib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafının, insan amilinə əsaslanan siyasətinin təməl prinsiplərini təşkil edir. Yusif Ağayev ölkədə sosial dialoqun genişləndirilməsi, əmək münasibətlərinin tənzimlənməsi sahəsində həmkarlar ittifaqlarının əhəmiyyətini vurğulayıb.

AHİK sədrinin müşaviri Orxan Ərəbov isə tədbirin elm və təcrübənin qovuşduğu əhəmiyyətli bir platforma olduğunu bildirib. O, belə tədbirlərin ölkədə elmi potensialın gücləndirilməsi və gənclərin bilik və bacarıqlarının inkişafında əhəmiyyətini diqqətə çatdırıb.

Konfrans “Dayanıqlı inkişaf və rəqabətqabiliyyətli iqtisadiyyat”, “İnklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” və “İnsan potensialı və müasir innovasiyalar” mövzularında panel müzakirələrlə davam edib.