
Qurban bayramı münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən (ATİAHİRK) tədbir təşkil olunub. AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilən tədbirdə Konfederasiyanın nümayəndələri, Respublika Komitəsinin rəhbərliyi, rayon komitələrinin sədrləri və ittifaq üzvləri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən ATİAHİRK-nın sədri Araz Paşayev son 8 ayda görülən işlərdən danışıb, 13 mindən çox təhsil işçisinin sanatoriya-kurort və istirahət yollayışları ilə təmin olunduğunu deyib. Bildirilib ki, Konfederasiya tərəfindən yaradılan “Kurort” Turizm İnformasiya Mərkəzi vasitəsilə bu xidmətlər “bir pəncərə” prinsipi əsasında daha çevik və əlçatan formada təqdim olunur. Həmçinin AHİK-in Əməyin Mühafizəsi və Hüquq Yardım Mərkəzi yaradılaraq ittifaq üzvlərinə peşəkar və tam ödənişsiz hüquqi və psixoloji xidmətlər göstərilir.
Araz Paşayev əlavə edib ki, təqaüd proqramlarının əhatə dairəsi də əhəmiyyətli dərəcədə genişləndirilib. Əvvəlki dövrdə 65 tələbəni əhatə edən "Adlı Təqaüd" layihəsi bu il 400 nəfərə çatdırılıb. Bundan başqa, Qarabağ Universitetinin 50 tələbəsi və sosial həssas təbəqədən olan 50 qız tələbə xüsusi təqaüdlə təmin olunacaqdır.
AHİK sədrinin müşaviri Orxan Ərəbov Konfederasiyanın sosial təşəbbüsləri və yollayışların verilməsi üçün yaradılan e-AHİK elektron rezervasiya sistemi haqqında məlumat verib. Qeyd olunub ki, sistem yollayışların verilməsi prosesində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılıb və elektron sistem vasitəsi ilə sanatoriya-kurort və istirahət mərkəzlərinə yollayışı daha asan və rahat şəkildə əldə etmək mümkün olacaq.
AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev isə Qurban bayramının tarixi və mənəvi dəyərlərindən danışıb, ATİAHİRK ilə əməkdaşlıq çərçivəsində keçirilən birgə təlimlərinin uğurlu nəticələrini vurğulayıb.
ATİAHİRK Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova təşkilatın şəhid ailələrinə yönəlmiş dəstək təşəbbüslərindən söz açıb, onların maarifləndirici proqramlarda və istirahət layihələrində iştirakı üçün yaradılan imkanları diqqətə çatdırıb.
Tədbir bədii yaradıcılıq müsabiqəsinin qaliblərinin təqdim etdiyi musiqili proqramla davam edib.