ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

29 Aprel 2025

“Sağlamlığa doğru qaç” - Gəncə

“Sağlamlığa doğru qaç” - Gəncə

Aprelin 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİRK) təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Sağlamlığa doğru qaç!” layihəsi çərçivəsində Gəncə şəhərində qaçış yarışı keçirilib.
Əvvəlcə, layihənin təşkilatçıları və iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Tədbirdə həmçinin Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Beş min metr məsafəyə qaçışda Gəncə şəhəri, Göygöl, Daşkəsən, Samux, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Kəlbəcər rayonlarının səhiyyə işçiləri, eləcə də Gəncə Tibb Kollecinin tələbələri iştirak ediblər.
Yekunda qalib olmuş 3 kişi və 3 qadın mükafatlandırılıb. Eyni zamanda qaliblər Xankəndi şəhərində təşkil olunacaq final yarışında iştirak etmək hüququ qazanıblar.
Tədbirin bədii hissəsində Gəncə Tibb Kollecinin tələbələrindən ibarət “Lalələr” rəqs qrupunun ifası və flaşmob tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunan yarışlar tibb işçilərinin asudə vaxtının səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.