
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı və Cahangirbəyli kəndlərində maarifləndirmə tədbirləri keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin də iştirak etdiyi tədbirlər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təmin olunmasına dövlət dəstəyinin davamı olaraq həyata keçirilib. Mərkəz tərəfindən işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahəsində təqdim edilən xidmətlər barədə ətraflı məlumat verilib. Eyni zamanda əməyin mühafizəsi sahəsində təsdiq edilmiş yeni dövlət standartlarının tələbləri və tətbiq sahələri ilə bağlı məlumatlar işəgötürənlərin diqqətinə çatdırılıb.
Tədbirlər zamanı iştirakçılar dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları barədə ətraflı şəkildə məlumatlandırılıblar.
Maarifləndirmə tədbirləri çərçivəsində iştirakçılara yaddaş kitabçaları, bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, həmçinin onların sualları cavablandırılıb.